Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin “07” oktyabr 2009-cu il  
tarixli, 140/t saylı əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
rayon və şəhər statistika idarəsi (şöbəsi) haqqında
Ə S A S N A M Ə

I. Ümumi müddəalar

  1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rayon və şəhər statistika idarəsi (şöbəsi) müvafiq rayonun (şəhərin) ərazisində statistika sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən və ölkənin aidiyyəti regionunda sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətlə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran statistika orqanıdır. Rayon və şəhər statistika idarəsi (şöbəsi) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sistemində fəaliyyət göstərir və bilavasitə ona tabedir.
  2. Rayon və şəhər statistika idarəsi (şöbəsi) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Rəsmi statistika haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Statistika Komitəsinin əmr, sərəncam və göstərişlərini, habelə bu Əsasnaməni rəhbər tutur.
  3. Rayon və şəhər statistika idarəsi (şöbəsi) bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqları yerinə yetirərkən yerli icra hakimiyyəti orqanları və digər ictimai təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  4. Dövlət və qeyri-hökumət təşkilatlarının rayon (şəhər) statistika idarəsinin (şöbəsinin) səlahiyyətlərinin həyata keçirilməsinə müdaxiləsi yolverilməzdir və onlara öz xidməti vəzifələrinin yerinə yetirilməsində təsir göstərmirlər.
  5. Rayon və şəhər statistika idarəsi (şöbəsi) hüquqi şəxsdir, müstəqil balansa, bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsvir edildiyi və öz adı əks olunmuş möhürə, müvafiq ştampa və blanka malikdir.
    Rayon və şəhər statistika idarəsi (şöbəsi) Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

    II. Rayon və şəhər statistika idarəsinin (şöbəsinin) fəaliyyət istiqamətləri

  6. Rayon (şəhər) statistika idarəsinin (şöbəsinin) fəaliyyət istiqamətləri aşağıdakılardır:

    6.1. rayonda (şəhərdə) rəsmi statistika sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
    6.2. statistik məlumatların vaxtında toplanmasını və onların regionda baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir;
    6.3. ərazinin sosial-iqtisadi, ekoloji və demoqrafik vəziyyətini xarakterizə edən statistik materiallarla yerli icra hakimiyyəti orqanlarını təmin edir;
    6.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

    III. Rayon və şəhər statistika idarəsinin (şöbəsinin) vəzifələri

  7. Rayon (şəhər) statistika idarəsi (şöbəsi) bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

    7.1. Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş rayon və şəhər statistika idarəsi (şöbəsi) üçün illik statistik işlər haqqında proqram və rüblük iqtisadi iş planları əsasında aylıq iş planını işləyib hazırlayır və müvafiq qaydada təsdiq edir, görülmüş işlərlə bağlı Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi qaydada Komitənin Aparatına hesabat təqdim edir;
    7.2. rəsmi statistika hesabatları əsasında lazımi statistik məlumatların əldə olunmasını, habelə dövlət (region) müşahidələrinin aparılması üçün rayonun (şəhərin) ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları)  və fiziki şəxslər tərəfindən lazım olan məlumatların elektron sənəd formasında statistika idarəsinə (şöbəsinə) təqdim edilməsini təşkil edir, ümumi statistik müşahidələrlə yanaşı, seçmə müşahidələrdən geniş istifadə edir;
    7.3. sosial prosesləri, əhalinin yaşayış səviyyəsini və dolanışıq xərclərini təhlil edir, Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi qaydada sosial-iqtisadi, demoqrafik, ev təsərrüfatları və qiymət statistikası üzrə müşahidələrin aparılmasını, siyahıyaalmaların və müayinələrin keçirilməsini təşkil edir, sorğular keçirir;
    7.4. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada rəsmi statistika materiallarının hazırlanmasını təşkil edir;
    7.5. qəbul edilmiş statistik məlumatların vahid metodologiya və müasir informasiya texnologiyaları əsasında işlənməsini təşkil edir;

    7.6. statistik məlumatları təhlil edir, sosial-iqtisadi proseslərə dair hesablamalar aparır;
    7.7. rayonun (şəhərin) iqtisadi və sosial vəziyyətinə dair statistik məlumatları dərc etdirir;
    7.8. rayonun (şəhərin) ərazisində fəaliyyət göstərən statistik vahidlərdən yığılmış məlumatlar əsasında ümumiləşdirilmiş və qruplaşdırılmış nəticələri tərtib edir, müəyyən olunmuş həcmdə və adda statistik məcmuələr, bülletenlər, mətbu-buraxılışlar və digər statistik materiallar nəşr etdirir, onların istifadəçilər arasında yayılmasını təmin edir;
    7.9. hazırlanmış statistik materialların (külliyatların) və yerli statistika orqanları üçün illik statistik işlər haqqında proqramda nəzərdə tutulmayan digər məlumatların, yerli icra hakimiyyəti, qanunvericilik və məhkəmə orqanları, kütləvi informasiya vasitələri istisna olmaqla, digər istifadəçilərə müəyyən olunmuş qaydada və haqqı dövlət büdcəsinə ödənilməklə satışını təşkil edir;
    7.10. müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə uçot və hesabatla, həmçinin müxtəlif siyahıyaalmalarla bağlı əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə təlimatı xarakterli müşavirələr təşkil edir;
    7.11. ərazinin sosial-iqtisadi və demoqrafik vəziyyətini xarakterizə edən statistik materiallarla yerli icra hakimiyyəti orqanlarını təmin edir;
    7.12. rəsmi statistika hesabatlarını təqdim edən hüquqi (onların nümayəndəlik və filialları) və fiziki şəxsləri hesabat formaları blankları və hesabatların tərtib edilməsinə dair təlimatlarla pulsuz təmin edir, onlara statistik hesabatların təqdim olunma vaxtı, dövriliyi və digər zəruri tələblər haqqında məlumat verir;
    7.13. ehtiyac yarandığı hallarda kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransları keçirir;
    7.14. müqavilə əsasında elm və tədris müəssisələrini elmi tədqiqatlar üçün statistik məlumatlarla təmin edir;
    7.15. hüquqi və fiziki şəxslərin müraciəti əsasında onlara özlərinə aid olan məlumatları təqdim edir;
    7.16. hüquqi (onların nümayəndəlik və filialları) və fiziki şəxslərin ilkin fərdi məlumatlarının məxfiliyini təmin edir;
    7.17. məxfi statistik məlumatların qanunazidd əldə edilməsinin, yayılmasının və ya istifadə olunmasının qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirir;
    7.18. statistik məlumatların obyektivliyinin təmin olunması üçün hesabatlarda məntiqi və hesabı nəzarəti həyata keçirir;
    7.19. Dövlət Statistika Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirlərdə müəyyən edilmiş qaydada iştirak edir;
    7.20. mütəxəssislərin ixtisas və bilik səviyyəsinin artırılmasını təşkil edir;
    7.21. Azərbaycan Respublikasının qanunvericiliyi ilə rayon və şəhər statistika idarəsinə (şöbəsinə) həvalə olunmuş digər vəzifələri həyata keçirir.

    IV. Rayon və şəhər statistika idarəsinin (şöbəsinin) hüquqları

  8. Rayon və şəhər statistika idarəsinin (şöbəsinin) öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

    8.1. statistika ilə bağlı normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi, statistikanın mövcud vəziyyəti və inkişafı ilə bağlı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə təkliflər təqdim etmək;
    8.2. tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi (onların nümayəndəlik və filialları) və fiziki şəxslərdən, rayonun (şəhərin) ərazisində hüquqi qeydiyyatdan keçən və Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərindən, rayonun (şəhərin) ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından haqqı ödənilmədən, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və düzgün (o cümlədən məxfi saxlanılmaqla kommersiya sirri təşkil edən) statistik məlumatlar almaq;
    8.3. məlumatların təhrif edilməsi halları aşkar edildiyi zaman hesabatlarda düzəlişlər etmək, bu düzəlişlərin ilkin statistika və mühasibat uçotunda və digər aidiyyəti sənədlərdə əks etdirilməsi üçün hüquqi (onların nümayəndəlik və filialları) və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tapşırıqlar vermək, bu məsələ ilə bağlı onlardan zəruri məlumatlar və arayışlar tələb etmək;
    8.4. müvafiq regionun (ərazinin) sosial-iqtisadi vəziyyətinə dair məlumatların aşkarlığını təmin etmək, öz fəaliyyətini ərazidə baş verən sosial-iqtisadi proseslərin obyektiv və hərtərəfli öyrənilməsi prinsipləri əsasında həyata keçirmək;
    8.5. statistika müşahidələrinin keçirilməsi və ya statistik vahidlərin Dövlət registrinin aparılması üçün zəruri olan məlumatları təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlanılması və inzibati tənbeh tədbirləri tətbiq etmək;
    8.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada digər müəssisə və təşkilatların mütəxəssislərini statistik işlərin aparılmasına cəlb etmək;
    8.7. bağlanmış müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının məlumat bazasındakı inzibati statistik məlumatlardan istifadə etmək;
    8.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və rayon və şəhər statistika idarəsinə (şöbəsinə) həvalə olunmuş digər hüquqları həyata keçirmək.

    V. Rayon və şəhər statistika idarəsinin (şöbəsinin) fəaliyyətinin təşkili

  9. Rayon (şəhər) statistika idarəsinə (şöbəsinə) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri tərəfindən vəzifəyə təyin olunan və azad edilən rəis rəhbərlik edir.

    9.1. Rayon (şəhər) statistika idarəsinin (şöbəsinin) rəisi:
    9.1.1.  rayon (şəhər) statistika idarəsinin (şöbəsinin) fəaliyyətini təşkil edir və ona həvalə olunmuş vəzifələrin həyata keçirilməsinə görə məsuliyyət daşıyır;
    9.1.2. işçilər arasında vəzifə bölgüsü aparır;
    9.1.3. inzibati vəzifələrə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasında müsahibədən müvəffəqiyyətlə keçmiş kadrları Dövlət Statistika Komitəsinin əmrinə əsasən vəzifəyə qəbul edir, vəzifədən azad edir, onların barəsində müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
         9.1.3-1. yardımçı vəzifələr üzrə böyük mütəxəssis-statistik və aparıcı mütəxəssis vəzifələrinə kadrları Dövlət Statistika Komitəsinin razılığına əsasən, digər texniki işçiləri və ştatdankənar işçiləri öz səlahiyyətləri daxilində vəzifəyə təyin edir və vəzifədən azad edir;
    9.1.4. statistika orqanının fəaliyyətində mövcud qanunvericiliyə əməl olunmasını təmin edir;
    9.1.5. səlahiyyətləri daxilində idarənin (şöbənin) fəaliyyətinə dair icrası işçilər üçün məcburi olan əmrlər və göstərişlər verir və bu sahədə onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
    9.1.6. Azərbaycan Respublikasının normativ-hüquqi aktlarına uyğun olaraq digər səlahiyyətləri həyata keçirir;
  10. Azərbaycan Respublikasında rayon (şəhər) statistika idarəsinin (şöbəsinin) fəaliyyətinin əsasını Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilən rayon və şəhər statistika idarəsi (şöbəsi) üçün illik statistik işlər haqqında proqram təşkil edir və statistik müşahidə və tədqiqatların mövzusu proqramla müəyyənləşdirilir.
  11. Rayon (şəhər) statistika idarəsi (şöbəsi) Dövlət Statistika Komitəsinin razılığına uyğun olaraq, əsas fondlar və dövriyyə vəsaitləri, habelə müstəqil balansda dəyəri göstərilən digər qiymətli əşyalar barəsində sərəncam verməyi və onları balansdan silməyi həyata keçirir.
  12. Rayon (şəhər) statistika idarəsinin (şöbəsinin) strukturu, ştat cədvəli, xərclər smetası, statistika işlərinin həyata keçirilməsi ilə bağlı maliyyələşdirmə məbləğləri Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.

Bakı Şəhər Statistika İdarəsi